“Bakı” futbol klubu bu gün “Turan”la oyunun hazırlıqlarına start verdi. Unibank Premyer Liqasının 20-ci turunda evdə “Muğan”a qalib gələ bilməyən komandamız final mərhələsinə vəsiqə verən 6-lıq uğrunda mübarizənin gedişini çətinə salıb. Bu səbəbdən son 2 qarşılaşmada yalnız qələbə qazanaraq 6 xal toplamağı hədəfləyən “Bakı” 21-ci turun səfər oyununa ciddi hazırlaşır.
Komandamız saat 12-də klubun təlim-məşq bazasında baş tutan məşqdə 3 qrup halında hərəkət etdi.
Birinci qrupa “Muğan”la oyunda meydanda olanlar, ikinci qrupa ehtiyat heyətin oyunçuları, üçüncü qrupa isə zədəsi tam sağalmayan futboçular daxil idi.
Baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında bir saat davam edən məşqdən sonra futbolçular sauna və masaj prosedurlarını yerinə yetiriblər.
Zədəsi olan müdafiəçi Rafael Əmirbəyov fərdi proqramla yüngül qaçışla kifayətlənib.
Məşqdə yer almayan Ernad Skuliç əməliyyatdan sonrakı bərpa prosesini keçir.
Çalışmalardan kənar qalan fransız Stefan Borbikoninin isə yaxın günlərdə məşğələlərə başlaya biləcəyi söylənilir.