"İnter" - "Bakı" - 1:3 (İlk oyun - 1:0)13FK BAKI FINALDA!Azərbaycan kuboku uğrunda yarışın cavab yarımfinal oyununda səfərdə “İnter” üzərində 3:1 hesablı qələbə qazanan “Bakı” finala adladı. Baxmayaraq ki, çoxları finalda “İnter”i görürdülər.
Ötən həftə keçirilmiş ilk oyunda öz meydanımızda 0:1 hesablı məğlubiyyət “İnter”i favorit edirdi. Amma cavab qarşılaşmasının 27-ci dəqiqəsində hər şey bərabərləşdi. Komanda yoldaşından ideal ötürmə alan Vyaçeslav Sofroni Georgi Lomayaya heç bir şans qoymadı.
Fasilədən sonra “İnter” fəallaşdı. Və tezliklə bərabərlik qolunu verdu. Saşa Yunisoğlu yıxılaraq topu uzaqlaşdırmaq istəyərkən Angel Qutiyerrez cəld tərpəşərək Şarliya ilə üzbəüz qaldı və şansını qaçırmadı. Bu, oyunun 51-ci dəqiqəsinə təsadüf etdi. Düşünmək olardı ki, uğurdan ruhlanan “İnter” qolun davamını gətirəcək. Amma belə olmadı.
56-cı dəqiqədə küncdən ötürmədən sonra Jaba hündürə tullanaraq başı ilə topa qarşısıalınmaz zərbə endirdi və azarkeşləri ayağa qaldırdı. Daha 10 dəqiqə sonra isə “Bakı”nın finala çıxacağı artıq şübhə doğurmurdu. Çünki sağ cinahdan ötürmə zamanı təhlükəni sovuçdurmaq istəyən Milan Zaqorats topu öz qapısına göndərdi. Bundan sonra Vadim Borets meydandan qovulması da “Bakı”nın 3:1 hesablı qələbəsinə və finala çıxmasına mane olmadı.
Həlledici oyunda komandamızın rəqibi “Olimpik”ə 2:1 hesabı ilə qalib gəlmiş “Xəzər Lənkəran” olacaq.